Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi ? Söylə ürəyincəmi ? Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla, ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq, ruhun ehtiyacından, Qardaşından, bacından. Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə bir vuraydı, qəlbimiz gizli-gizli, Sən ey əsmər bənizli. Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha mə’sud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır! Yenə o bağ olaydı, ye...